Brüssel görüşü: Uğursuz siyasi alver | Mübariz Əhmədoğlunun şərhi

      Brüssel görüşü:    Uğursuz siyasi alver |    Mübariz Əhmədoğlunun şərhi
  06 Aprel 2024    Oxunub:1422
5 aprel görüşünə bir neçə saat qalmış Ermənistanın Təhlükəsizlik Şurasının katibi A.Qriqoryan hərbi və təhlükəsizlik məsələlərinin müzakirə olunmayacağını bildirdi. Onun sözlərinə görə, daha çox ABŞ, Avropa texnologiyalarının Ermənistana verilməsi müzakirə olunacaqdı.
Hansısa dövlətə müasir texnologiya vermək hərbidən daha güclü dəstək deməkdir. II Dünya Müharibəsindən sonra Yaponiya, Cənubi Koreyanın bugünkü inkişafı ABŞ-ın texnologiyasının sayəsində olub. “Marşall planı” da Avropaya təkcə maliyyə dəstəyi deyil, həm də texnologiya verilməsini nəzərdə tuturdu. Ermənistan buna nail olmaq istəyir.

A.Qriqoryan Ermənistanın ərazi bütövlüyü də daxil olmaqla, bir sıra prioritet məsələlərdə İranla əlaqələrin çox yaxşı olduğunu bildirmişdi. Onun 5 aprel görüşü ərəfəsində verdiyi bu bəyanat həm də Blinken və Fon der Lyayenə təzyiq kimi qəbul edilə bilər: Yəni “Sizdən bir şey ala bilməsək, İrana üz tutacağıq”. İranın dərhal aktuallaşdırdığı Ermənistanda hərbi təlim keçirmək ideyası da əvvəldən hazırlanmış planın tərkib hissəsidir.

ABŞ və Aİ Ermənistana dəstək proqramını açıqlayanda rüsvayçı mənzərə yarandı. ABŞ İrəvana 2 il üçün 65 milyon dollar, Aİ isə 4 il üçün 270 milyon avro vəsait ayıracaq. USAID üst-üstə təxminən 18 milyon dollara qədər yardım edəcək. Ermənistanın Rusiyada itirdikləri ildə minimum 3 milyard dollar ola bilər.

ABŞ və Aİ-nin Ermənistana ciddi bir şey verməyəcəkləri əvvəlcədən bəlli idi. Çünki ABŞ bütün yardımları USAID müstəvisinə keçirmişdi. Qərb Nikol Paşinyanın anti-Rusiya kursunun güclənməsinə pul ayırır. Hazırda Qərbin məqsədi Ermənistanı tam olaraq Rusiyadan qoparmaq deyil. Qərb Rusiyaya Ukraynada etdiklərinin əvəzində asimmetrik cavab verir. Paşinyanın bu cəhdə hazırlıq dövründə, yəni ötən il Qranadada Ursula Fon der Lyayenlə imzalanmış müqavilədən sonra Şarl Mişelin iştirakı ilə Brüssel görüşündə razılaşdırılmış bəzi məsələlərdən imtina etmişdi. Konstitusiyanı dəyişməyə vəd verdi, sonradan imtina etdi. 4 kəndin Azərbaycana qaytarılacağını bildirsə də, sonda bu fikrindən də vaz keçdi.

Qərb bilməlidir ki, Ermənistanın Rusiyadan uzaqlaşmaq imkanı yoxdur. Söhbət təkcə iqtisadiyyatdan getmir. Ermənistan Rusiyanın 102-ci hərbi bazasını öz büdcəsindən maliyyələşdirməyi dayandıra bilmir. Paşinyan Avropaya kələk gəlmək istəyir ki, Azərbaycana qarşı hansısa gedişlərə nail ola bilsin. Qərb bunu başa düşənədək Azərbaycanla münasibətlərində xeyli gərginlik yaradacaq. Çünki Qərbdə daim ermənilərin mövqeyində duran, Azərbaycana qarşı çıxan güc mərkəzləri var. “Haydat”ın eyni vaxtda həm ABŞ-da, həm də Aİ-də yenidən təşkilatlanması bunu deməyə əsas verir. Hazırda Azərbaycana qarşı iki müxtəlif erməni xətti işə düşüb.

Mübariz Əhmədoğlu
Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin direktoru
AzVision.az üçün


Teqlər: Brüssel-görüşü  





Xəbər lenti